“Azərmaya” “YAŞAT” fonduna 50.000 manat ianə etdi

18 Yan, 2021
“Azərmaya” “YAŞAT” fonduna 50.000 manat ianə etdi

“AzərMaya” Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT”-a 50.000 manat vəsait ianə edib.

Bizim.Media xəbər verir ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Xatırladaq ki, “AzərMaya” ASC işğaldan azad edilən ərazilər - Şuşa və Kəlbəcərdə çörək istehsalı ilə məşğul olan müəssisələri maya ilə təmin edir. 

Artıq Şuşada fəaliyyətdə olan 4 çörək zavodu tam şəkildə “Azər-Maya” tərəfindən təchiz olunur.

Qeyd edək ki, “Azər-Maya” Azərbaycanın qida sektorunun aparıcı şirkətlərindən biridir. Eyni zamanda regionun yeganə maya istehsalçısıdır.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər-Maya” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Onların istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edilir.