“Azər Maya” alman təşkilatı ilə əməkdaşlıq qurub

5 Okt, 2021
“Azər Maya” alman təşkilatı ilə əməkdaşlıq qurub

Azərbaycanda biznesin və istehsalın inkişafına göstərilən diqqət yerli brendlərin formalaşmasına və onların dünya bazarlarına ayaq açmasına əlverişli imkan yaradıb.

Hazırda bir çox şirkətlərimiz var ki, dünyanın aparıcı hökumət və biznes təşkilatları ilə bir çox sahədə münasibətlər qurur və dünyada daha çox tanınmağa başlayıblar.

Belə şirkətlərdən biri də “Azər Maya İstehsal” QSC-dir. Şirkət Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən SES (Senior Experten Servise) təşkilatı ilə təcrübə mübadiləsi proqramı həyata keçirib. Əməkdaşlıq nəticəsində təşkilatın üzvü, professor Kristof Martin “Azər Maya”da olub, burada öz təcrübəsini yerli mütəxəssislərlə bölüşüb.

35 ildən artıq zəngin təcrübəyə malik ekspert mübadilə proqramı çərçivəsində “Azər Maya”nın texniki auditinin həyata keçirilməsi, qida əlavələrinin araşdırılması və bu kimi digər fəaliyyətlərin həyata keçirilməsində yerli mütəxəssislərə treninqlər və məsləhətlər verib. 

Bu treninqlər nəticəsində “Azər Maya”da fermentasiya və mikrobiologiya sahəsində zəngin təcrübənin tətbiq edilməsində önəmli məlumatlar əldə edilib.

Kristof Martin indiyədək Cənubi Koreya, Braziliya, Pakistan və bir sıra Avropa ölkələrində istehsalat müəssisələrinin qurulmasında fəal iştirakçı olub.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər Maya” hazırda Fransa-Azərbaycan və American Chamber of Commers-in üzvüdür.


“Azər Maya İstehsal” QSC yüksək texnoloji standartlarla istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycanın tələbatını tam ödəməklə yanaşı, Gürcüstana da ixrac edir.