“AzərMaya”dan tələbələrə MÜJDƏ - Yeni iş imkanları

15 Apr, 2021
“AzərMaya”dan tələbələrə MÜJDƏ - Yeni iş imkanları

Azərbaycanın qida sektorunun aparıcı şirkətlərindən biri "AzərMaya” ASC məzunlar üçün ilk təlim keçirib. Təlim Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə baş tutub.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Elektrotexnika” ixtisasının son kurs tələbələri və ötən ilin məzunlarını əhatə edən təlim Azərbaycan iqtisadiyyatına töhfə vermək məqsədi daşıyır. Təlim ölkəmizdə qida sahəsində inkişaf, tərəqqi və gənc kadrların beynəlxalq təcrübələrdən yararlanması istiqamətini tutub. 

Tədbirdə "AzərMaya” ASC-nin direktoru Rüfət Məmmədov, tələbələr, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev, eləcə də müəllim heyəti iştirak edib.

Tədbirin keçirilməsində məqsəd peşə təhsili alan tələbələrin gələcəkdə təcrübə əldə etmək, onların xaricdə və ölkədə iş imkanları yaradılması olub. Təlim zamanı tələbələrə istehsal prosesi haqqında məlumat verilib.

Onları maraqlandıran bütün suallar cavablandırılıb və istehsal zamanı istifadə olunan mürəkkəb texniki qurğulardan başlayaraq, ən sadə iş prinsipi olan qurğulara qədər hər şey izah edilib. 

"AzərMaya”-nın 40 ildən artıq olan tarixindən, fəaliyyətindən və ölkə xaricində olan partnyorlarının daxili bazardakı töhfələrindən danışılıb.

Məlumat üçün bildirək ki, "AzərMaya” Azərbaycanın qida sektorunun aparıcı şirkətlərindən biridir. Eyni zamanda regionun yeganə maya istehsalçısıdır.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "AzərMaya” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Onların istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edilir.